Vyanada Üzeyir Hacıbəyliyə həsr olunmuş konsert

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 128-ci ildönümü və Milli Musiqi Günü Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) geniş qeyd olunub.

Tədbirdə Avstriyanın dövlət və hökumət rəsmiləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ictimaiyyət nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, musiqisevərlər iştirak ediblər.

AMM-in rəhbəri Leyla Qasımova çıxış edərək musiqili axşamın ölməz Azərbaycan bəstəkarı, musiqişünas alim, dramaturq, maarifçi və ictimai xadim Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunduğunu bildirib. Qeyd olunubr ki, ötən əsrin ortalarından başlayaraq Azərbaycanda məşhur dirijor Niyazinin təşəbbüsü ilə bəstəkarın doğulduğu tarix Musiqi Günü kimi bayram edilməyə başlanıb.

Ölməz bəstəkarın həyat və yaradıcılığına toxunan L. Qasımova onun Azərbaycan və bütün Şərqdə klassik musiqi sahəsində bir çox yeniliklərə imza atdığını diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, bu il Üzeyir Hacıbəylinin bəstələdiyi "Arşın mal alan” operettasının 100 illik yubileyi Azərbaycandan Kaliforniyaya kimi dünyanın bir çox yerlərində təntənə ilə nümayiş etdirilib. Bu əsər 2006-cı ildə Vyanada avstriyalı musiqiçilərin iştirakı ilə Vyana Kamera Operasında uğurla səhnələşdirilmişdi. Milli Musiqi Günü münasibətilə Azərbaycan və Avstriya musiqiçilərinin Vyanada birgə konsert proqramı ilə çıxış etmələri isə ənənə halını alıb.

Konsertdə "Vyana Kamera Orkestrinin solistləri” simli kvartetinin müşayiəti ilə azərbaycanlı musiqiçilər Əməkdar Artist, professor Nərgiz Əliyarova (piano), Əməkdar Artist Nərgiz Kərimova (sopran) və Aqşin Abdullayev (tenor) Azərbaycan və Avropa bəstəkarlarının klassik əsərlərini ifa etmişlər. Üzeyir Hacıbəylinin "Arazbarı”, "Aşıqsayağı”, "Sevgili canan” əsərləri, "Arşın mal alan” operettasından ariyalar, eləcə də Tofiq Quliyev, Vasif Adıgözəlov, Niyazi və digər bəstəkarlarımızın mahnıları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Nərgiz Əliyarova həmçinin Volfqanq Amadeus Motsart, Vaqif Mustafazadə, Cövdət Hacıyev, Frederik Şopen və digər bəstəkarların əsərlərini məharətlə ifa edib.

AzərTAc


Fikirlər

Facebook

Bəyənilib İzlənilsin!