Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olmuşdur. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinifini bitirdiktən sonra səhnə yaradıcılığına başlamışdı. 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləmişdir. Məlahətli, yumşaq tembrli səsi olan Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, dərin emosiyonallıq və lirizm səciyyəvidir. Məharətli improvizasiya ustalığı onun muğam yaradıcılığının əsas xüsusiyyətlərindəndir. Azərbaycanı SSRİ-nin bir çox şəhərlərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla təmsil edən Şövkət Ələkbərovanın repertuarına Segah, Qatar, Şahnaz kimi muğamlar, Azərbaycan bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi.